...

Dünya Bankı Qrupu Azərbaycanda yeni məsləhət xidmətləri layihəsinə start verir

İqtisadiyyat Materials 19 Sentyabr 2017 17:57 (UTC +04:00)
IFC (Dünya Bankı Qrupu) Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə yardım məqsədilə yeni məsləhət xidmətləri layihəsinə start verir.
Dünya Bankı Qrupu Azərbaycanda yeni məsləhət xidmətləri layihəsinə start verir

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünya Bankı Qrupu kiçik sahibkarların inkişafinı və yeni iş yerlərinin açılmasını dəstəkləmək məqsədilə, rəqəmsal maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla maliyyə sistemində maliyyə inklüzivliyinin genişləndirilməsi üçün Azərbaycanda yeni məsləhət xidmətləri layihəsinə start verir.

Trend-in məlumatına görə, Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçiriləcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdiriləcək. Növbəti üç il ərzində bu, ölkə ərazisində müasir elektron xidmətlərin təqdim olunmasına, müştərilər tərəfindən mürəkkəb proses hesab olunan xidmətlərdən istifadənin sadələşdirilməsinə yardım edəcək.

Dünya Bankının Maliyyə İnklüzivliyi Məlumat Bazası Qlobal İndeksinə əsasən, Azərbaycanın yetkinlik yaşına çatmış əhalisinin yalnız 29%-ı maliyyə institutlarında hesablara malikdir. Bu rəqəm Avropa və Mərkəzi Asiya üzrə 50%-dan artıqdır. Layihə müştərilərə mobil telefonları və internet bankçılıqdan istifadə etməklə qəbzlərin ödənilməsi, kredit ödənişləri və pul köçürmələri daxil olmaqla bir sıra əməliyyatları həyata keçirməyə yardım etmək üçün ölkənin dövlət qurumları, maliyyə institutları, ödəniş sistemləri, emal mərkəzləri, mobil şəbəkə operatorları və digər bazar iştirakçıları ilə əməkdaşlıq edəcək.

Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev qeyd edib: "Ödəniş xidmətlərindən istifadənin təkmilləşdirilməsi universal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün əsasdır. Bu layihə bank ilə əlaqədar bir çox proseslərin sadələşdirilməsi və xüsusilə ucqar ərazilərdə olan fiziki şəxslər və sahibkarlara maliyyə xidmətlərinə çıxış əldə etmək məqsədilə yeni texnologiyaların təqdim olunmasına yardım edəcək".

IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri Yan van Bilsen bildirdib: "Xüsusilə Azərbaycanın ucqar ərazilərində fiziki şəxslər və sahibkarlar üçün ən yaxın bank filialına çatmaq üçün yüksək qiymətlər, xərclər və zaman maliyyə xidmətlərindən istifadəyə əngəl törədir. Bu layihə əsasında bizim məqsədimiz Azərbaycanın əksər əhalisinə aşağı qiymətlər ilə maliyyə xidmətlərinin təmin olunmasına şərait yaradacaq innovativ modellərin təqdim olunmasına yardım etməkdir".

Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. 31 iyul 2017-ci il tarixinədək IFC ölkəyə təxminən 473 milyon ABŞ dolları maliyyə yatırımı etmişdir, bu vəsaitin 73 milyon ABŞ dolları digər kreditorlardan əldə edilərək, maliyyə xidmətləri, infrastruktur və istehsal sektorları daxil olmaqla bir sıra sektorlar üzrə 56 uzunmüddətli layihələrin maliyyələşdirilməsinə yönəlmişdir. Əlavə olaraq, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə ticarət sahəsi üzrə təxminən 80 milyon ABŞ dolları dəyərində maliyyə dəstəyi göstərmiş və Bakı - Tbilisi - Ceyhan boru kəməri üçün 250 milyon ABŞ dolları maliyyə vəsaitini təmin etmişdir. IFC həmçinin özəl sektorun inkişafına yönəlmiş bir sıra məsləhət xidmətləri layihələrini həyata keçirmişdir.

Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən geniş maliyyə və məlumat mənbələrindən biridir. Bu beş əlaqədar qurumdan ibarətdir: birgə Dünya Bankını təşkil edən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası; Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli İnvestisiyalara Zəmanət Agentliyi və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz. İnkişaf etməkdə olan dünyada əhalinin yaşayış standartlarının artırılması və yoxsulluğun aradan qaldırılması missiyası üçün hər bir təşkilat xüsusi rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti