...

Ermənistan MAQATE-nin Metsamor AES-in bağlanması ilə bağlı təkliflərinə əhəmiyyət vermir

İqtisadiyyat Materials 21 Aprel 2018 07:50 (UTC +04:00)
Ermənistan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Metsamor AES-in bağlanması ilə bağlı təkliflərinə əhəmiyyət vermir
Ermənistan MAQATE-nin Metsamor AES-in bağlanması ilə bağlı təkliflərinə əhəmiyyət vermir

Bakı. Hüseyn Vəliyev - Trend:

Ermənistan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Metsamor AES-in bağlanması ilə bağlı təkliflərinə əhəmiyyət vermir.

Bunu Trend-ə “Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov deyib.

QSC sədrinin sözlərinə görə, MAQATE Fukusimada baş vermiş faciədən sonra bütün ölkələrə xidmət müddətini başa vurmuş reaktorların bağlanması barədə təkliflər yollayıb:

“Təəssüf ki, bu sahədə böyük əhəmiyyət kəsb edən sənədin taleyi hər bir dövlətin qərarından asılıdır. 2015-ci ildə Ermənistan hökuməti AES-in xidmət müddətinin uzadılması ilə bağlı qərar verib və bu qərar MAQATE-yə yönləndirilib. Agentliyin hüquqi cəhətdən bu qərara müdaxilə etmək imkanı yoxdur. MAQATE yalnız təklif verə bilər. Bu təkliflər var, amma Ermənistan onlara heç bir əhəmiyyət vermir".

A.Qəribov hesab edir ki, Ermənistan heç vaxt Metsamor AES-i bağlamayacaq, çünki bu, həm strateji obyektdir və enerji mənbəyidir, həm də AES-ə sahib olmaqla Ermənistan nüvə ölkəsi statusunu əldə edir:

“Bundan başqa, Ermənistan nüvə və radioaktiv maddələrin saxlanması və nəqli texnologiyasına malikdir. Bu, Ermənistanın strateji hədəfidir, ona görə də AES-dən imtina etməyəcək. Eyni zamanda Ermənistan Rusiya ilə birgə 1060 meqavattlıq yeni AES tikməyi planlaşdırır”.

A.Qəribov vurğulayıb ki, Azərbaycan Metsamor AES-in region üçün təhlükə törətdiyi barədə vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti