Bakı. Trend:
2018-ci ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.
ASC-dən Trend-ə verilən məlumata görə, bankın aktivləri 2018-ci ilin altı ayı ərzində 9.04% artaraq 1,977.52 mlrd. manat təşkil edib. Kredit portfelinin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 1.37% artaraq 1,330.02 mlrd. manata çatıb. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.
Bankın 1 iyul 2018-ci il tarixinə bankın cəmi kapitalı 273,693 mln. manat, nizamnamə kapitalı isə 225,078 mln. manat təşkil edir. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 4.33% artaraq 1,221.62 mlrd manata çatıb. Bank I yarımilliyi 12,318.49 mln manat xalis mənfəətlə başa vurub.
Əlavə olaraq, cari ilin iyul ayında Moody’s Investors Service beynəlxalq agentliyi Xalq Bank-ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu “Pozitiv” olaraq müəyyən edib.
Cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirib.