Bakı. Trend:
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Trend həmin məlumatı təqdim edir:
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir. Artıq 1.14$-ın altında ticarət edilən avronun qiyməti, 1.1370$-ı da aşağı istiqamətdə qırarsa, 1.1292 və 1.1192$-a kimi də ucuzlaşa bilər.
Avropada siyasi və iqtisadi risklərin aktuallığı, eyni zamanda Amerika Mərkəzi Bankının sərt monetar siyasəti avronu təzyiq altında saxlayan əsas amillərdir.
Bununla yanaşı, çərşənbə axşamı və cümə günü Bakı vaxtı ilə saat 13:00-da müvafiq olaraq dərc ediləcək, Avrozonanın iqtisadi inkişaf və inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsi də təzyiq altındadır. Burada daha çox Breksit fonunda risklərin artmasıdır ölkə valyutasına mənfi təsir edən amil. Hal-hazırda 1.28$-ın altında ticarət edilən funtun, 1.2710$-ı da aşağı istiqamətdə qırarsa, 1.2590$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Çərşənbə axşamı və çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin əmək bazarı və inflyasiyası ilə bağlı vacib fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
TRY
Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 7.10TL-yə kimi bahalaşıb. Növbəti artım dalğası üçün 7.21TL-nin yuxarı istiqamətdə qırılmasını gözləmək lazımdır. Bu baş verərsə, məzənnə 7.88TL-yə kimi də bahalaşa bilər.
Əks təqdirdə, avqust ayı ərzində 45% bahalaşan məzənnədə başlayan korreksiya 6.41 və 6.13TL-yə kimi dərinləşə bilər.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti 73$ ətrafında dalğalanmaqda davam edir. Təhlillərə əsasən, qiymət yenidən 71.17$-ı aşağı istiqamətdə qırarsa, 69.80 və 66.70$-a kimi də dəyər itirə bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında isə qızıl qiymətinin 1210$-ın (38.9 $/qram) altında ticarət edilməsi, daha da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. Lakin bu zaman 1204$-ın (38.7 $/qram) da aşağı istiqamətdə qırılmasını gözləmək lazımdır. Bundan sonra bir unsiya üzrə qiymət 1195 (38.4 $/qram) və 1188$-a (38.2 $/qram) kimi dəyər itirə bilər.