...

Masallı Sənaye Məhəlləsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional KOB Dostu xidmətinin təqdimatı olub (FOTO)

İqtisadiyyat Materials 21 Sentyabr 2018 16:40 (UTC +04:00)
Masallı Sənaye Məhəlləsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional KOB Dostu xidmətinin təqdimatı olub.
Masallı Sənaye Məhəlləsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional KOB Dostu xidmətinin təqdimatı olub (FOTO)

Masallı. Ceyhun Ələkbərov - Trend:

Masallıda yaradılmış Sənaye Məhəlləsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin (KOB) Dostu xidmətinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, özəl bölmənin təmsilçiləri ilə yanaşı, “KOB könüllüləri”, aidiyyəti yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Bir neçə gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” Mərkəzi ilə də tanış olduğunu xatırladan O.Məmmədov Mərkəz haqqında ümumi məlumat verib:

"Bildiyiniz kimi, 3 gün öncə Prezident İlham Əliyevin Masallı və Biləsuvar rayonlarına səfəri bir sıra mühüm sosial və iqtisadi obyektlərin açılışı ilə əlamətdar oldu. Bu çərçivədə, Masallının işgüzar həyatında mühüm hadisə - Agentliyin Kiçik və Orta Biznesin ilk regional Dostu xidmətinin açılışı həyata keçirildi və bu xidmət fəaliyyətə başladı.

Məlum olduğu kimi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasını, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirik.

Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi sahəsində effektivliyin artırılması, çoxsaylı dəstək mexanizmlərinə sahibkarların rahat çıxışının təmin edilməsi, biznes subyektlərinin maraqlarının müdafiəsi əsasında bu sektorun davamlı inkişafının təmin edilməsindən ibarətdir. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir".

O.Məmmədov qeyd edib ki, bu hədəflərin reallaşdırılması məqsədilə Agentlik tərəfindən bir sıra strateji layihələr reallaşdırılmaqdadır:

"Hazırda Agentlik, sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda – “Kiçik və Orta Biznes Evləri”ndə təşkili ilə bağlı mühüm layihəni həyata keçirməkdədir. Bu Evlərdə 35 dövlət orqanı və təşkilatlarının 100-dən artıq xidmət növünün bir məkan prinsipi əsasında verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaqdır. İlk KOB Evinin Bakı şəhərində açılışı nəzərdə tutulur. Növbəti mərhələdə regionlarda da KOB Evləri yaradılacaqdır. Qeyd etməliyəm ki, eyni zamanda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanmışdır. Əminik ki, bu Sahibkar Evləri ölkəmizin yeni innovativ brendi kimi formalaşacaq və sizlərə şəffaf, operativ şəkildə xidmət göstərəcəkdir.

Agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcəkdir. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxışı, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcəkdir".

Agentlik rəhbəri bildirib ki, qurum tərəfindən biznes mühitin qiymətləndirilməsinə yönəlik sorğuların həyata keçirilməsi də nəzərdə tutulur:

"Bu, bizim üçün fəaliyyətimizin sahibkar çağırışları əsasında səmərəli təşkili baxımından önəmlidir. Çünki son nəticədə fəaliyyətimizin səmərəsi sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrulma səviyyəsi ilə müəyyən ediləcək.

Bütün qeyd etdiyim istiqamətləri sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində reallaşdırmaq niyyətindəyik.

Agentlik, Prezident İlham Əliyevin qarşımıza quyduğu vəzifələrin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri tətbiq etməkdədir:

"Hazırda formalaşdırmaqda olduğumuz KOB Dostları şəbəkəsi bu strateji layihələrimizdən biridir və Prezident İlham Əliyev “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşacaq. Bugünkü tədbir çərçivəsində bu yeni modelin sahibkarlara, aidiyyatı dövlət qurumlarına təqdimatını edəcəyik. Çünki KOB dostları şəbəkəsinin fəaliyyətinin səmərəsi Sizlərlə sıx əməkdaşlıqdan əhəmiyyətli dərəcədə asılı olacaq.

Bu baxımdan hamınızı Agentliyin Masallıdakı nümayəndəsi – KOB dostu ilə sıx əməkdaşlığa dəvət edir və bir daha tədbir iştirakçılarının hər birisinə minnətdarlığımı bildirirəm".

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxışında ilk “KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluğunu bildiriib, Masallı Sənaye Məhəlləsinin və məhəllədə “KOB Dostu”nun fəaliyyətə başlaması regionun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, regionun sənaye potensialının uğurla reallaşdırılmasına öz töhfəsini verəcək.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun ümumi fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib.

Sahibkarlar “KOB Dostu” Mərkəzi ilə də tanış olublar. Məlumat verilib ki, mərkəzdə “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, mərkəz texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, eləcə də zəruri maarifləndirici məlumatlarla təmin olunub. “KOB Dostu” mərkəzində fəaliyyət göstərəcək “KOB könüllüləri” mərkəzə müraciət edən sahibkarlara operativ şəkildə yardımçı olacaq, onlara texniki və s. dəstək göstərəcək.

“KOB Dostu” mərkəzi ilə tanış olan sahibkarlar ilk “KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını qeyd edib, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə, tətbiq olunan yeni dəstək mexanizmlərinə görə Azərbaycan Respublikası Prezidentinə təşəkkürlərini bildiriblər.

Masallı rayonunda fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri isə “KOB Dostu”na müraciət edən sahibkarlara və yeni biznesə başlayacaq şəxslərə müvafiq sahələrlə bağlı lazımi dəstək və köməklik göstərəcəklərini qeyd ediblər.

“KOB Dostu” ilə tanışlıq zamanı sahibkarları maraqlandıran suallar da cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti