...

Növbəti hərrac - 170 dövlət əmlakı üzrə seçim imkanı

İqtisadiyyat Materials 24 Sentyabr 2018 12:55 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq.

Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri xidmət, kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarında yerləşən bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır. Xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biri Göygöl şəhəri, Hümmel küçəsində yerləşən Göygöl Kardiorevmatoloji Sanatoriyadır. Ümumi faydalı sahəsi 1117,9 kv.m olan bu obyektin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır. Sanatoriyanın fəaliyyətinin bərpası ilə bölgə əhalisinin tibbi xidmətlərə olan tələbatı yüksək səviyyədə ödənilə bilər.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m və 213,7 kv.m aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir. Belə ki, hər kəsin büdcəsinə uyğun ola biləcək bu əmlaklardan müxtəlif biznes sahələri üzrə ofis və ya xidmət obyekti kimi istifadə etmək olar. Sərfəli ilkin hərrac qiyməti olan qeyri-yaşayış sahələrindən biri də Daşkəsən şəhəri, T.İsmayılov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 86,6 kv.m olan bu dövlət əmlakı üzrə özəlləşdirmə hərracına qoşulmaq istəyən vətəndaş 975 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.

Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb. Avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri "Kia" və "Daewoo" markalarına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti