Bakı. Trend:
“Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin strukturuna daxil olan müəssisə və təşkilatların kollektivi 20 oktyabr “Energetiklər Günü” münasibəti ilə birgə aksiyalar həyata keçiriblər.
Trend-in məlumatına görə, əvvəlcə hər iki Səhmdar Cəmiyyətin əməkdaşları Energetika Nazirliyinin və nümayəndələri ilə birgə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə çiçəklər düzüblər.
Sonra energetiklər Şəhidlər Xiyabanına gəliblər. Burada Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən qəhrəmanların xatirəsinə ehtiramlarını bildirərək, “Əbədi məşəl”in önünə əklil qoyublar.
Daha sonra enerji təsərrüfatının mövcud vəziyyəti nəzərə alınaraq, yeni ənənənin formalaşdırılması istiqamətində “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin rəhbər şəxslərinin və kollektiv üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
“Şimal” elektrik stansiyasında baş tutan həmin mərasimdə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də iştirak edib. Eyni məzmunlu aksiya “Sumqayıt” ES, “Cənub” ES və “Azərbaycan” İES-də də reallaşdırılıb.
Gələcəkdə hər bir müəssisədə “Energetiklər parkı”nın salınması nəzərdə tutulub.