Bakı. İlhamə İsabalayeva - Trend:
Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsinin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq, burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən, məsləhətləşmələrdən sonra müsbət rəy verilib:
"Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin. Hər kəsə bəllidir ki, hər gün bu yolda insanlar saatlarla tıxacda qalır. Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da sağlamlığımıza və təbiətə zərər verir. Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar? Amma yenə də xüsusi olaraq qeyd edirəm ki, rəyə göndərilən layihələrin məzmun və formasından asılı olmayaraq, bizim üçün hər şeydən daha vacibi ekoloji faktorlardır, ətraf mühitin qorunmasıdır. Ona görə də təqdim olunan layihələrin hamısı ictimai dinləmədən keçirilir, ictimaiyyətlə məsləhətləşmələrdən sonra rəy verilməsi barədə qərar qəbul edilir".