...

Mikayıl Cabbarov: Əhalinin məşğulluq məsələsi dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardandır (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 29 Yanvar 2020 11:41 (UTC +04:00)
Dünya İqtisadi Forumu unikal bir platformadır.
Mikayıl Cabbarov: Əhalinin məşğulluq məsələsi dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardandır (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Dünya İqtisadi Forumu unikal bir platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumuna hər il dəvət alan və xüsusi sessiyalarda iştirak edən dünya liderləri sırasındadır.

Trend-in məlumatına görə, bunu İctimai Televiziyada "Diqqət mərkəzi" verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan iqtisadi maraqlar prizmasından dayanıqlı inkişaf məqsədlərini əsas götürərək Davos Forumunun işindən maksimal dərəcədə faydalanmağa çalışır: "Bu, həmin formatda bir sıra səbəblərə görə mümkün olur. Birincisi ona görə ki, forumda dünya biznes liderləri, regiona marağı olan şirkətlərin, beynəlxalq inkişaf qurumlarının rəhbərləri, nümayəndə heyətləri iştirak edir. Forum çərçivəsində keçirilən istər ikitərəfli, istərsə də çoxtərəfli görüşlərdə, müzakirələrdə, sessiyalarda bu və ya digər ölkələrin iqtisadiyyatı ilə bağlı birbaşa müzakirələr aparılır, vacib və mühüm investisiya layihələri təqdim edilir. Bir sözlə, qərarlar qəbul edilir və rəy formalaşır. Ona görə də düşünürəm ki, ölkəmiz üçün Dünya İqtisadi Forumunun əsas əhəmiyyəti məhz bu imkanlardan mümkün qədər geniş istifadə etməkdir".

M.Cabbarov qeyd edib ki, Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir: "Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Bu, iqtisadi, o cümlədən sosial həyatın transformasiyasına təsir edir. Digər tərəfdən dövlətin qarşısına yeni çağırışlar çıxır. İqtisadiyyatın rəqəmsallaşması, innovasiyalar və süni intellekt sahələrinin, habelə yeni iqtisadi sektorların inkişaf etdirilməsi, vətəndaşların bu sahələrdə zəruri olan bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq dövlət siyasətinin həyata keçirilməsini tələb edir. Bununla yanaşı, innovativ düşüncəni, innovativ biznesi təşviq edən ekosistemin yaradılması əsas məsələlərdəndir. Davos İqtisadi Forumunun təsisçisi Klaus Martin Şvab da yüksək potensiala malik olan, sözügedən sahələrin vacibliyini dərk edən və bunu öz daxili siyasətlərində təşviq edən ölkələrlə əməkdaşlıq təşəbbüsü ilə çıxış etdi. Azərbaycan həqiqətən də bu sənədin imzalandığı nadir ölkələrdəndir. Bu sənədin çərçivəsi ondan ibarətdir ki, növbəti aylar ərzində mərkəzlə Azərbaycanın müvafiq strukturları və qurumları arasında müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq ölkəmizdə dördüncü sənaye inqilabı çərçivəsində prioritet sahə kimi müəyyənləşmiş rəqəmsal ticarətin inkişaf etdirilməsi, genişləndirilməsi, bu sahədə layihələrin ortaya qoyulması, dövlət siyasətinin tətbiqi yoxlanılacaq".

İqtisadiyyat naziri əlavə edib ki, bu mərkəz bölgədə ilk dəfə yaradılır: "Bölgə dedikdə, mən Xəzəryanı ölkələri, Orta Asiya və Cənubi Qafqazda yerləşən ölkələri nəzərdə tuturam. Bu məsələnin vacibliyinə toxunsaq, ilk növbədə onu vurğulamaq lazımdır ki, ölkəmizdə innovativ iqtisadiyyatın inkişafı prioritet sahələrdən biri kimi qeyd edilib. Cənab Prezidentin müvafiq qərarı ilə startap sahəsində ixtisaslaşmış təşkilat və Prezident Administrasiyasında bu məsələlərə cavabdeh olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsi təsis edilib. Bu, dövlətin bu sahəyə verdiyi önəmin aydın göstəricisidir".

Nazir Davos Forumu çərçivəsində xarici investorların Azərbaycana olan marağının səbəblərindən də danışıb. Bildirib ki, xarici investorların Azərbaycana marağının artmasının bir neçə səbəbi var: “Əgər biz çərçivədən danışırıqsa, çərçivə ondan ibarətdir ki, Azərbaycan bu gün dünya xəritəsində sürətlə inkişaf edən, əhalisinin sayı artan, böyükmiqyaslı layihələrin təşəbbüsçüsü və iştitakçısı olan, istər neft-qaz, istər nəqliyyat, istərsə də digər sahələrdə aparıcı rol oynayan bir dövlət kimi xarakterizə edilir. Əgər biz bloklara bölsək, investorlar sərmayələrin uğurlu olması üçün onlara nələr lazım olduğunu, hansı faktorların zəruri olduğunu bilirlər. Bunlar ölkədəki siyasi, makroiqtisadi sabitlikdir, inkişaf perspektividir, regiona və dünyaya açıqlıqdır, o mənada ki, təkcə yerli deyil, regional bazarlara da çıxış imkanları olsun. Eyni zamanda, bizim nəqliyyat infrastrukturumuzun inkişafı, qonşularımızla - biri istisna olmaqla, aparılan açıq ticarət əlaqələri, sabit siyasi münasibətlər də vacib amillərdəndir. Bu faktorların hamısı ölkəmizdə mövcuddur.

Təbii olaraq, xüsusi vurğulamaq istərdim ki, artan marağın səbəblərindən biri də ölkədə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən və artıq öz bəhrəsini verən sosial-iqtisadi islahatların növbəti mərhələsidir. Xüsusilə, son iki il ərzində islahatların dərinliyi, əhatə dairəsi həm investorların, həm də Dünya İqtisadi Forumunda iştirak edən təhlilçilərin suallarında, şərhlərində birmənalı şəkildə vurğulandı. Bir sözlə, ölkədə investisiyaların cəlbi üçün biznes mühitinin bundan sonra da genişləndirilməsi perspektivi, digər tərəfdən, ölkəmizdə həllini gözləyən açıq məsələlərin müzakirəsi və bunların həlli üçün tədbirlərin həyata keçirilməsi kimi faktorlar investorların ölkəmizə olan marağını artırır. Bu sərmayələr Azərbaycan üçün nə verir? Bu sərmayələr bilik, bacarıq deməkdir, bilirsiniz ki, müasir iqtisadiyyat sahələri biliyə əsaslanır. Xarici sərmayə gəldikcə özü ilə yalnız vəsait deyil, yeni texnologiyalar, sənayelər də gətirir, yeni iş yerləri, başqa sözlə, dayanıqlı inkişafın iki əsas komponenti olan iqtisadi artım və əhalinin məşğulluğu kimi amillərin həll edilməsinə böyük töhfə verir”.

M.Cabbarov vurğulayıb ki, əhalinin məşğulluq məsələsi dövlət başçısı tərəfindən daim qarşıya qoyulan əsas tapşırıqlardandır: “Cənab Prezidentin sədrliyi ilə bu ilin 13 yanvar tarixində Nazirlər Kabinetinin sosial-iqtisadi məsələlərin müzakirəsinə həsr olunmuş iclasında da bu tapşırıq qarşımızda qoyuldu. Əgər 2019-cu ilin nəticələrinə nəzər salsaq, görərik ki, ölkədə həyata keçirilən islahatların nəticəsində biz 157 min yeni iş yerinin yaradılmasına nail olmuşuq, onlardan 99 mini qeyri-neft sektorundadır. Bunlar da dövlət tərəfindən xüsusi vergi güzəştləri tətbiq olunan yerlərdir. Bu, həm də mövcud olan iş yerlərinin kölgədən çıxmasına və rəsmiləşməsinə müsbət təsir göstərib. Qarşımızda duran digər əsas bir tapşırıq da odur ki, biz yeni iş yerlərinin yaradılmasını davamlı və dayanıqlı etməliyik. Ona görə biz iqtisadi inkişaf barədə söz açanda hər zaman dayanıqlı inkişaf konsepsiyası barədə danışırıq.

Artan əhali ölkənin artan gücü deməkdir, iqtisadi nöqteyi-nəzərdən baxsaq, ölkə bazarının alıcılıq qabiliyyətinin artması deməkdir. Sosial nöqteyi-nəzərdən isə yeni məktəblər, yeni xəstəxanalar tikirlir və sirr deyil ki, bu sahələrlə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir. Son 16 il ərzində tikilən məktəblərin sayı 3300-ə yaxınlaşır, həmçinin yüzlərlə xəstəxana binası tikilib, yeni yollar salınıb. Artan əhali həm də artan istehlak deməkdir. İqtisadiyyatda mallara və xidmətlərə olan tələbat əsas drayverlərdən biridir. Bu, yeni ailələr, yeni mənzillər, məişət avadanlıqları deməkdir və s. Bu baxımdan, əhalinin artımı qarşımızda yeni imkanlar açır. Əsas vəzifə bütün bu faktorları strateji baxımdan məhz düzgün şəkildə təhlil edərək ardıcıllığı təmin etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti