...

Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb

İqtisadiyyat Materials 25 Fevral 2020 10:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və İtaliya şirkətlərinin iştirakı ilə Biznes Forum təşkil edilib.
Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və İtaliya şirkətlərinin iştirakı ilə Biznes Forum təşkil edilib.

Mərkəzi Bankdan Trend-ə bildirilib ki, Biznes Forum zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və İtaliya Respublikasının Milli Mikrokredit Agentliyinin prezidenti Mario Baççini Anlaşma Memorandumu imzalayıblar.

Memorandumun məqsədi Azərbaycan Respublikasında mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir.

İmzalanmış Memoranduma əsasən iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Nəzərdə tutulan əməkdaşlıq ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın inkişafında maliyyə sektorunun rolunun artırılması üzrə irəli sürdüyü vəzifələrin uğurla reallaşmasına, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasında kredit institutlarının rolunun yüksəldilməsinə də töhfə verəcək.

Qeyd edək ki, İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi Avropa Birliyi tərəfindən təşviq edilən və maliyyələşdirilən mikro-maliyyə alətlərinin təşviqi, tənzimlənməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirən milli agentlikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti