...

Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

İqtisadiyyat Materials 12 Aprel 2020 10:23 (UTC +04:00)
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı daha geniş olmaqla 1 milyard manatlıq maliyyə yükünə malikdir. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bu istiqamətdə müvafiq sərəncam imzalayıb və tapşırıqlar verib:

"Cənab Prezidentin imzaladığı müvafiq sərəncamın icrası ilə əlaqədar yaradılan işçi qrupları tərəfindən 9 proqram hazırlanıb. Həmin proqramlardan ikisi dövlət və biznes sektoruna dəyən zərərlərin qarşısının alınması ilə bağlıdır.

Proqramlara uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi nəzərdə tutulur. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 290 mindən çox fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramının başlıca şərti isə iş yerlərinin azaldılmamasına yönəldilib".

Deputat qeyd edib ki, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib:

"Eyni zamanda işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq ki, bu da əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayacaq. Burada başlıca hədəf həm biznes subyektlərimizə dəstək verilməsi, eyni zamanda bizim üçün əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramının əsas prioriteti həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə dəstəyi nəzərdə tutur.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri əhatə edən, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məqsədli dəstək proqramları da mühüm əhəmiyyətə malikdir".

Milli Məclisin deputatı bildirib ki, əhalinin maddi vəziyyətinin dəstəklənməsini nəzərdə tutan proqramı yeni sosial paket adlandırmaq olar:

"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Həmçinin, mövsümi istehlakı nəzərə alınmaqla əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə dəstək tədbirləri ilə bağlı proqram da də mühüm sosial əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti