Bakı. Trend:
“BP Azərbaycan” sahibkarlar üçün dünyanın ən nüfuzlu biznes mükafatları proqramı olan, EY tərəfindən təsis edilmiş və Azərbaycanda ilk dəfə keçiriən “EY ilin iş adamı” proqramına dəstək verir.
“BP-Azerbaijan” şirkətindən Trend-ə verilən məlumata görə, şirkət yerli kiçik və orta sahibkarlığın inkişafına yardım etməklə bağlı götürdüyü uzunmüddətli öhdəliyinin bir hissəsi kimi bu müsabiqəyə qoşulub. Şirkət tərəfdaşları ilə birlikdə 2007-ci ildən etibarən yerli sahibkarlar üçün milyonlarla ABŞ dolları məbləğində olan bacarıqların inkişaf etdirilməsi proqramını maliyyələşdirir.
“On ildən çoxdur ki, tərəfdaşlarımızla birlikdə yerli şirkətlərin inkişaf etdirilməsinə dəstək oluruq və bizim “Sahibkarlığın İnkişafı Proqramı”nda iştirak etmiş yüzlərlə şirkətin müstəsna inkişafını görməkdən qurur duyuruq. Bu şirkətlərdən çoxu hazırda qlobal miqyasda rəqabət aparacaq səviyyədədir və Azərbaycandakı əməliyyatlarımızda və layihələrimizdə milyonlarla dollar dəyərində müqavilələr qazanıblar”, - BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, yerli təchizat zəncirinin inkişaf etməsinə yardım etmək üçün göstərilən səylər EY şirkətinin “İlin iş adamı” proqramının məqsədinə tam uyğundur: “Bu proqram Azərbaycanda ilk dəfə olaraq şəxsləri və ya şirkətləri sahibkarlıq sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatla təltif edəcək. EY şirkətinə bu nüfuzlu müsabiqəyə qoşulmaq üçün yaratdığı imkana görə təşəkkür edirik və dünyanın müxtəlif yerlərindən seçilən ən yaxşı iş adamları arasında Azərbaycanı təmsil edən şəxsləri də görəcəyimizə ümid edirik”.
Qeyd edək ki, BP və tərəfdaşları yerli biznesin inkişafına dəstək olmaq öhdəliyi götürüb. Şirkət və tərəfdaşlarının təsis etdiyi, maliyyələşdirdiyi Sahibkarlığın İnkişafı Proqramının (SİP) məqsədi yerli şirkətlərin öz bacarıq və imkanlarını təkmilləşdirməsinə və beynəlxalq standartlara cavab verməklə regional və qlobal miqyasda öz rəqabət qabiliyyətini artırmasına yardım etməkdir. Proqram həmçinin BP və tərəfdaşlarının Azərbaycanda və regionda öz müqavilələrində istifadə edilən yerli resursların artırılmasına yönəlmiş səylərinə dəstək verir.
2007-ci ildə SİP fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sonunadək BP və tərəfdaşları 2000-dən çox şirkətin inkişafına dəstək olmaq üçün 8 milyon ABŞ dolları xərcləyib və bu vaxtadək həmin şirkətlərdən 280-i bütün proqramı tamamlayıb. Nəticədə bu şirkətlərin əksəriyyəti BP-nin Azərbaycandakı müqavilələri də daxil olmaqla, yüz milyonlarla ABŞ dolları dəyərində beynəlxalq müqavilələr əldə edə biliblər.