Bakı. İlhamə İsabalayeva - Trend:
İlkin məlumatlara görə, 2021-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 4011,2 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3577,7 milyon manatlıq vəsait qalıb.
2020-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 11,4 faiz artaraq 707,3 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3326,3 manat, qeyri neft-qaz sektorunda 651,2 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 631,1 manat, özəl müəssisələrdə isə 801,8 manat təşkil edib.