...

Şimal-Cənub dəhlizində Azərbaycan və İran strateji ölkələrdir - Səfir

İqtisadiyyat Materials 20 İyun 2021 19:18 (UTC +04:00)
Şimal-Cənub dəhlizində Azərbaycan və İran strateji ölkələrdir - Səfir

Bakı. Elnur Bağışov – Trend:

Şimal-Cənub dəhlizində Azərbaycan və İran iki əhəmiyyətli və strateji ölkələrdir.

Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfirin sözlərinə görə, həm İran İslam Respublikası, həm də Azərbaycan Respublikası coğrafi baxımdan strateji məkanda yerləşir. İki ölkənin üstün cəhətlərindən biri tranzit məsələsidir.

Musəvi əlavə edib ki, İran iki ölkə arasında məhsulların idxalını, ixracını və tranzit yollarını şaxələndirmək niyyətindədir: “Yaxın gələcəkdə yaranacaq şəraiti nəzərə alaraq, xüsusilə də Hindistandan məhsulların Rusiya və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün yeni dəhlizlərə ehtiyac var”.

İran səfiri deyib ki, iki ölkə arasında quru və dəniz sərhədləri mövcud olduğuna görə, tranzit imkanlarını şaxələndirmək mümkündür. Ökələrimiz dəmiryol, avtomobil yolu və dəniz potensiallarından maksimum şəkildə faydalana bilər.

Musəvinin sözlərinə görə, hazırda İranın Azərbaycanla ticarət dövriyyəsi qəbuledilən səviyyədədir. Hətta ölkələrarası tranzit həcmi əvvəlki illə müqayisədə təxminən 27% artıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində (20 mart 2020 – 20 mart 2021) İranla Azərbaycan arasında ticarət dövriyyəsi 587 milyon dollar dəyərində, 1,02 milyon ton təşkil edib. Cari İran ilinin 2 ayı (21 mart -21 may 2021) ərzində isə İranın Azərbaycanla ticarət dövriyyəsi 58,8 milyon dollar dəyərində, təxminən 137 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti