...

Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu müzakirə olunub

İqtisadiyyat Materials 23 İyun 2021 19:26 (UTC +04:00)
Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu müzakirə olunub

Bakı. Trend:

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu” mövzusunda onlayn görüş keçirilib.

“ADY Konteyner”-dən Trend-ə bildirilib ki, görüşdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Hindistan Ticarət Palatasının, Hindistanın ölkəmizdəki səfirliyinin, Hindistan Ekspeditorlar Assosiasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” , Hindistanın CONCOR şirkətinin, Bakı Limanının nümayəndələri iştirak ediblər.

Vebinarda Rusiyadan Hindistana qədər uzanan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcəyi vurğulanıb. Dəhlizin keçdiyi ölkələrdə infrastruktur layihələri, yüklərin cəlb edilməsi istiqamətində görülən tədbirlərdən danışılıb.

Görüşdə iştirak edən “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanları barədə geniş məlumat verib. “ADY Konteyner” MMC-nin bu günlərdə dəhlizlə Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına yola düşən ilk konteyner blok qatarının operatorlarından biri olduğunu vurğulayıb. Qatarın 22-23 gün ərzində təyinat stansiyasına çatdırılmasının hədəfləndiyini deyib. Bildirib ki, sözügedən marşrut Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər. Belə ki, dəniz xətləri ilə müqayisədə bu marşrutla Avropanın şimalından Hindistana və əks istiqamətdə yükdaşımaların müddəti kifayət qədər qısalır.
N. Cəfərov Dəhlizlə hərəkət edən ilk blok qatardakı konteynerlərin Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşındığını qeyd edib. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğunu, layihənin gerçəkləşməsi üçün platforma təminatını qurumun öz üzərinə götürdüyünü vurğulayıb.
Vebinar iştirakçıları Dəhlizin aktivləşdirilməsi isitiqamətində bəzi təkliflərlə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti