...

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8 faiz artıb

İqtisadiyyat Materials 10 Dekabr 2021 11:04 (UTC +04:00)
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8 faiz artıb

Bakı. Çingiz Səfərli - Trend:

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Artımın böyük hissəsi özəl sektorun payına düşüb.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

2021-ci il dekabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 773.133 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 233.211 vahid çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb, daxilolmalar üzrə proqnoz 309,6 milyon manat artıq icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 2 milyard 193,8 milyon manat olub, proqnoz 113,1 faiz icra edilib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 118,8 milyon manat təşkil edib, proqnoz 108,2 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq proqnoz 110,3 faiz icra edilib. Həmin təşkilatların xəttilə işsizlikdən sığorta haqları üzrə dövlət büdcəsinə 87,9 milyon manat daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti