Bakı. Trend:
Gürcüstanda keçirilən konfransda konteynerlərlə yükdaşımalar və logistika məsələləri müzakirə olunub.
“ADY Konteyner”dən Trend-ə verilən məlumata görə, Gücüstanda “Qara və Xəzər dəniz limanları və gəmiçilik -2022” adlı beynəlxalq konfrans və sərgi keçirilib. 5-7 aprel tarixlərində keçirilən tədbirdə Qara və Xəzər dənizi regionunda olan dəhlizlər boyunca yerləşən ölkələrdən 150-dən çox nümayəndə iştirak edib. Logistika və təchizat zəncirində regional və qlobal əlaqəni gücləndirmək məqsədi daşıyan illik beynəlxalq nəqliyyat konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”in nümayəndələri də təmsil olunublar.
“ADY Konteyner”in direktoru Natiq Cəfərov konfransda “Avrasiya dəmir yollarının kəsişməsi: Azərbaycan nəqliyyat qovşağı kimi” mövzusunda çıxış edib. N.Cəfərov ölkəmizin tranzit imkanları, konteynerləşmənin sürətləndirilməsi, konteynerlərlə yükdaşımalar və logistika məsələləri, multimodal daşımalar üzrə əldə olunan nailiyyətlər, ekoloji təmiz nəqliyyat növü kimi dəmiryolunun təşviqi məsələlərinə toxunub.
Konfransda dünya üzrə tanınmış 25 aparıcı nəqliyyat və logistika şirkətinin nümayəndəsi qlobal və regional ticarət, investisiyaları mövzusunda çıxış edib.