Bakı. Trend:
2022-ci il aprelin əvvəlinə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcu 7,4 milyard dollar və ya ümumi daxili məhsulun 12,5 faizini təşkil edib.
Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.
O bildirib ki, Azəbaycanın daxili dövlət borcu 2,6 milyard dollar və ya ÜDM-in 2,6 faizinə bərabər olub.
"Xarici borc göstəricilərimiz regionun digər ölkələri ilə müqayisədə aşağıdır. Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbəti 15,1 faiz təşkil edir. Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycanın təqdim etdiyi dövlət təminatlarının dəyəri 1,8 milyard manat və ya ÜDM-in 1,6 faizinə bərabərdir", - A.Mursaqulov deyib.
Agentlik rəhbəri bildirib ki, dövlət borcu beynəlxalq maliyyə təşkilatları tərəfindən verilən uzunmüddətli kreditlər hesabına formalaşır. Bu kreditlərin ödənmə vaxtı 7-8 il təşkil edir. Daxili borclar üçün bu müddət iki ilə yaxındır.
A.Mursaqulov əlavə edib ki, dünya ölkələrinin dövlət borcları bir il ərzində 85 trilyon dollardan 93 trilyon dollaradək artıb.
(Tərcümə: Orxan Nəbiyev)