Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin nümayəndə heyəti Almaniyaya işgüzar səfər çərçivəsində Düsseldorf şəhərində keçirilən alüminium sərgisində iştirak edir.
27-29 sentyabr tarixlərində təşkil olunan sərgidə alüminium sahəsində fəaliyyət göstərən 700-dən çox şirkət təmsil olunur.
Tədbir yeni biznes əlaqələrinin qurulması, satış imkanlarının genişləndirilməsi, alüminium sahəsində olan yeniliklərin öyrənilməsi, birgə layihələrin təşkili və icrası, təchizat zəncirinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgi zamanı əvvəlcədən təyin olunmuş görüşlər üzrə iştirakçı şirkətlərlə fəal müzakirələrin aparılması, alüminium sahəsində mövcud və potensial imkanların dəyərləndirilməsi gözlənilir. Aparılacaq müzakirələrin prioritet mövzularını yeni investorların cəlb olunması, dəyər zəncirinin inkişaf etdirilməsi və bu sahənin rəqabət qabiliyyətinin artırılması təşkil edir.