Bakı. Trend:
Dünya Bankı (DB) Azərbaycanın dövlət strukturları ilə ölkənin insan kapitalı göstəricilərinin yaxşılaşması üzrə aktiv əməkdaşlıq edir.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının Avropada və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə regional direktoru Fadia Saadah "Azərbaycanda İnsan Kapitalı İcmalı"nın təqdimatına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanla bu istiqamətdə əməkdaşlığı davam etdirməyə hazırdır və artıq müvafiq heyət formalaşıb.
"Əlbəttə, biz gələcəkdə Azərbaycan hökumətinin tələblərini nəzərə alacağıq və ilk icmal bu əməkdaşlıq çərçivəsində müsbət addımdır", - o deyib.
Regional direktor Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycanda məşğulluğun dəstəklənməsi üzrə birgə layihələrinin olduğunu da vurğulayıb.
"Bu proqram çərçivəsində biz qadınların məşğulluğunun təmin olunmasına xüsusi diqqət ayırırıq. Biz bu və digər təşəbbüslərin insan kapitalı göstəricilərinin yaxşılaşmasına imkan yaradacağını hesab edirik", - o qeyd edib.