Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfə sahibkarlıq subyektləri üzrə biznes portfelinə dair məlumatları açıqlayıb.
Trend cümə axşamı xəbər verir ki, bankın məlumatlarına əsasən, iyun ayında bankların biznes-kredit portfeli 479,7 milyon manat artaraq 11,650 milyon manata çatıb. Biznes kreditlərinin 45,6 faizi və ya 5,313 milyard manatı iri müəssisələrin, 21,1 faizi və ya 2,451 milyard manatdan çoxu orta müəssisələrin, 15 faizi və ya 1,751 milyard manatı kiçik müəssisələrin, 18,3 faizi və ya təqribən 2,135 milyard manatı isə mikromüəssisələrin payına düşüb.
Qeyd edək ki, biznes kreditlərinin 33,3 faizi və ya 3,886 milyard manatı kiçik və orta sahibkarların banklar qarşısında borclarının payına düşür.
Xatırladaq ki, Azərbaycan banklarının kredit portfeli ilin birinci yarısında 3,1 faiz və ya 637 milyon manat artaraq 21,296 milyard manata çatıb. Ölkə banklarının ümumi öhdəlikləri 39,305 milyard manat, balans kapital isə təqribən 5,913 milyard manat olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)