Bakı. Trend:
Qırğızıstan su resurslarının istifadəsi üzərində aktiv şəkildə çalışır.
Trend cümə günü xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.
"Qırğızıstan "yaşıl enerji"yə keçid üzrə konkret tədbirlər həyata keçirir. Kambarata su elektrik stansiyasının (SES) tikintisi üzrə artıq saziş əldə olunub", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, hazırda Qırğızıstan öz su potensialının yalnız 13 faizindən istifadə edir.
Japarov qeyd edib ki, Dünya Bankının qiymətləndirmələrinə əsasən, su resurslarının səmərəli idarə olunması üçün hidroloji dövrün təhlili və proqnozu, müasir və rəqəmsal texnologiyaların, həmçinin su saxlama sistemlərinin tətbiqi, eləcə də bərpa olunan enerji mənbələrinin inkişafı olduqca vacibdir.
Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunan sammit keçirilir.
Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)