...

Məqsədimiz neft və qaz hasilatında karbon tullantılarının sıfıra endirilməsidir - SOCAR

İqtisadiyyat Materials 21 Dekabr 2023 16:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əsas məqsədimiz neft və qaz hasilatında karbon tullantılarının sıfıra endirilməsinin həyata keçirilməsidir. Bu baxımdan SOCAR təkamül dövrü keçirərək enerji şirkətinə çevrilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Yaşıl enerji və smart city” mövzusunda paneldə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda qarşıya qoyulan hədəflərdə əsas məsələ məhz yeni texnologiyaların kommersiya cəhətdən qəbul edilməsi və kommersiya cəhətdən özünü sübut etməsidir.

“Bu isə elmi-tədqiqat işlərinə böyük məsrəflər tələb edir. Burada əməkdaşlıq və tərəfdaşlıq böyük rol oynayır. Bizim əsas məqsədimiz Azərbaycan və tərəfdaşlarının, regionun enerji təhlükəsizliyini təmin etmək və tələb olunan enerjini bazarlara çatdırmaqdır. Bu baxımdan biz neft və qaz hasilatını davam etdirəcəyik, lakin bunu davamlı, dayanıqlı və karbon tullantılarını sıfıra endirmək hədəfini qarşıya qoymaqla həyata keçirəcəyik.

Eyni zamanda, biz “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşularaq 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi kimi öhdəliklər götürmüşük.

Bu hədəflərə daha tez çatmaq üçün daha çox vəsait xərcləməli oluruq. Burada koordinasiyalı əməkdaşlıq lazımdır. Bu baxımdan SOCAR digər beynəlxalq enerji şirkətləri ilə birlikdə ədalətli və elmə əsaslanan keçidin tərəfdarıdır”, - deyə Rövşən Nəcəf qeyd edib.

Xəbər lenti

Xəbər lenti