...

Azərbaycan Orta Dəhlizin inkişafı üçün güclü siyasi iradəyə malikdir - Nazir müavini

İqtisadiyyat Materials 27 Fevral 2024 13:28 (UTC +04:00)
Azərbaycan Orta Dəhlizin inkişafı üçün güclü siyasi iradəyə malikdir - Nazir müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafını dəstəkləmək və onun potensialından maksimum istifadə etmək üçün qəti niyyətimiz və möhkəm siyasi iradəmiz var.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Dünya Bankı tərəfindən Tbilisidə Orta Dəhliz üzrə tədqiqatın təqdimatında deyib.

"Bu, təkcə iqtisadi maraqlara deyil, həm də regionda sülhə və çiçəklənməyə xidmət edir. Beynəlxalq təşkilatlara və Dünya Bankının komandasına Orta Dəhlizin potensialının icrasına göstərdikləri yüksək diqqət və dəstəyinə görə minnətdarıq. Yeni ölçülərə malik olan Orta Dəhliz dünya ictimaiyyəti tərəfindən təkcə qısamüddətli həll kimi deyil, həm də ən qısa və səmərəli birləşmə kimi tanınıb. Bizim dəhlizin inkişafını dəstəkləmək, onun etibarlı birləşdirici bənd kimi çıxış edə bilməsi üçün potensialından maksimum istifadə etmək üçün qəti niyyətimiz və siyasi iradəmiz var", - o deyib.

R.Hümmətov qeyd edib ki, hazırda Azərbaycan müxtəlif yerli və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzərində çalışır.

"Biz beynəlxalq tranzit dəhlizlərini sadələşdirilmiş prosedurlar, sinxronlaşdırılmış proseslər və səmərəli dəniz əməliyyatları hesabına genişləndiririk. Vahid qlobal tranzitin tətbiqi və əlbəttə ki, rəqəmsallaşma milli agentliklərimizin və beynəlxalq tərəfdaşların bu problemlərin həlli üzrə kollektiv səyləridir. Bu gün qürur hissi ilə bildirirəm ki, son iki ay ərzində Orta Dəhlizlə Çindən 13 marşrut qatarı göndərilib. Görülən tədbirlər sayəsində bu konteynerlərin Gürcüstan limanına çatdırılma vaxtı artıq cəmi 12 gün çəkir. Bu, mühüm yaxşılaşmadır, belə ki, indiyə qədər çatdırılma vaxtı təqribən 40-50 gün çəkirdi", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti