Bakı. Trend:
“KazMunayQaz” SC (KMQ, Qazaxıstanın milli neft-qaz şirkəti) SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti) Qazaxıstanda geoloji kəşfiyyat işləri ilə bağlı layihələri nəzərdən keçirməyə təklif edib.
Bu barədə Trend-ə özəl müsahibəsində “KazMunayQaz” ASC-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev Bakıya səfəri zamanı deyib.
"“KazMunayQaz” istəyir ki, SOCAR ilə münasibətlər yalnız nəqletmə məsələləri ilə məhdudlaşmasın və mümkün qədər bütün əməkdaşlıq xətti və ya palitrasına daxil edilsin. Beləliklə, biz razılaşdıq ki, hazırda neft və hasilat sahəsində layihələrin mümkün inkişafını öyrənirik. Bundan əlavə, biz SOCAR-a Qazaxıstanda geoloji kəşfiyyatla bağlı nəzərdən keçirməyə təklif etdik", - deyə o bildirib.
Onun sözlərinə görə, SOCAR prezidentinə məlumat verilib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığına əsasən 2023-cü ildə qanunvericiliklə yerin təkindən istifadəyə dair Təkmilləşdirilmiş Model Müqavilə (TMM) qəbul edilib.
"TMM sayəsində geoloji kəşfiyyata, eləcə də mürəkkəb yataqlarda hasilatla məşğul olan investorlar üçün ən yaxşı şərait yaradılacaq. Yəni biz birgə layihələrin potensialını müzakirə etməyə və öyrənməyə davam edirik", - deyə o əlavə edib.
Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Orta Dəhliz üzrə neft nəqlinin həcmini artırmaq barədə göstəriş vermişdi. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” SC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş bağladılar.
Belə ki, Qazaxıstan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində neft ixracının həcmini 1 milyon 392 min tona çatdırıb.
Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.
Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.
Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir.
Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.