Bakı. Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsən rayonunun ucqar Çovdar kəndində içməli su təminatının yaxşılaşdırılması məqsədilə mövcud bulağın əsaslı təmiri və yenidən qurulmasını həyata keçirib.
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndin sakinlərinin müraciəti əsasında bərpa edilən bulağın istifadəyə verilməsi mərasimində “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev iştirak edib. Komitə sədri Çovdar kəndinin sakinlərinin iştirakı ilə görülən işlərlə tanış olub. Tədbir çərçivəsində sakinlərin müraciətləri də dinlənilib, cari aktual olan məsələlər müzakirə edilib.
Qeyd edək ki, Səhmdar Cəmiyyət tərəfindən bulağın mənbə hissəsindən gələn suyun toplanması, çökdürülməsi və təmizlənməsi üçün xüsusi çən quraşdırılaraq, yeni su xətti çəkilib, əsaslı təmir edilmiş bulağın ətrafında abadlıq işləri aparılıb. Yeni bulağın istifadəyə verilməsi ilə kənddə mövcud su probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə verilib.
Xatırladaq ki, layihə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan təmiz suyun hər kəs üçün əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən və ölkəmizin də könüllü olaraq qoşulduğu qlobal fəaliyyətə, qəbul etdiyi milli inkişaf prioritetlərinə əlavə töhfə vermək məqsədi daşıyır. Belə ki, daha əvvəl Daşkəsən rayonunun Çaykənd kəndi və “Şadax” adlanan yaşayış məntəqəsində də yeni bulaqlar inşa edilərək, yerli əhalinin istifadəsinə verilib.