Ağdam. Trend:
İşğaldan azad edilən ərazilərdə çəkilən dəmiryol xətlərinin kommunikasiya avadanlıqları Ağdam Sənaye Parkında istehsal olunur.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Ağdam Sənaye Parkına təşkil edilən mediatur zamanı dəmir yollarında rabitə və işarəvermə avadanlıqlarının istehsal edən müəssisədən məlumat verilib.
Bildirilib ki, dəmir yolu üçün nəzərdə tutulan avadanlıqların istehsalını 2016-cı ildən fəaliyyət göstərən və 2022-ci ildən Ağdam Sənaye Parkında rezident kimi qeydə alınan RTS MMC şirkəti həyata keçirir.
Zavodda rabitə və işarəvermə avadanlıqları istehsal olunur. İlkin məlumata görə, müəssisədə həm də işıqforlar, mikroprosessor sistemi, yol qutuları, inteqrallar və s. kimi avadanlıqlar istehsal olunur.
Hazırda zavodda 30-a yaxın işçi qüvvəsi fəaliyyət göstərir. İş prosesinin daha da gücləndirilməsi üçün işçi qüvvəsinin 70 nəfərə qədər çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, işə, əsasən, yerli sakinlər cəlb edilir. Məlumat verilib ki, zavodda istehsal olunan avadanlıqlar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulur. İstehsal olunan avadanlıqların MDB və Baltikyanı ölkələrə ixrac olunması məqsədilə danışıqlar aparılır.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" ilə müqavilə əsasında Bərdə-Ağdam ərazisindən keçən dəmir yolları yenidən quraşdırılarkən rabitə və kommunikasiya işlərinin aparılmasında bu zavodun istehsal etdiyi avadanlıqlardan istifadə olunur.