...

Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilir - Rəqəmsal Orta Dəhliz nə vəd edir?

İqtisadiyyat Materials 18 Yanvar 2025 10:09 (UTC +04:00)
Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilir - Rəqəmsal Orta Dəhliz nə vəd edir?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsi onun coğrafi mövqeyi, strateji təşəbbüsləri və uğurla həyata keçirilən infrastruktur layihələri ilə birbaşa əlaqədardır. Ölkə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək, ticarət, logistika və yükdaşımalar sahəsində əhəmiyyətli rol oynayır. Azərbaycanın bu dəhlizlərdə rolu yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan vacibdir. Bu təşəbbüslər ölkəyə investisiya axını, yeni əməkdaşlıqlar və regional sabitlik gətirir. Qlobal nəqliyyat qovşağı kimi Azərbaycanın uğurları regionun inkişafına da böyük təsir göstərir.

Azərbaycanın Orta Dəhlizdəki fəal rolu regionun logistika və ticarət mərkəzinə çevrilməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə və ölkənin qlobal ticarət əlaqələrində əhəmiyyətinin artmasına böyük töhfə verir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini gücləndirir və onun strateji rolunu daha da artırır.

Statistik rəqəmlərə nəzər yetirsək, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcminin müsbət dinamika ilə inkişaf etdiyini görə bilərik. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ötən ilin yanvar - noyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 30 254,8 min ton olub.

Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 282 min ton və ya 0,9% çoxdur. Dövr ərzində yüklərin 13906,7 min tonu və ya 46%-i dəmir yolu nəqliyyatı, 9105,4 min tonu və ya 30,1%-i avtomobil nəqliyyatı, 7242,7 min tonu və ya 23,9%-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni və ya 17245,6 min tonunu tranzit yüklər təşkil edib.

Orta Dəhlizin funksionallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyasının hazırlanması istiqamətində layihələr isə digər dəhlizlər qarşısında onun rəqabətqabililiyinin artırılması və ticarətin asanlaşdırılmasında mühüm önəm kəsb edir.

Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC(ADY) beynəlxalq daşımaların sürətləndirilməsi ilə bağlı rəqəmsal həllər təqdim etməkdədir.

Qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.

Bildirilib ki, yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib: “ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir.

Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək, sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir”.

Vurğulanıb ki, digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir: “Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir”.

“Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti