Bakı. Trend:
COP29-un nəticələri Braziliyanı növbəti konfransı keçirməyə ilhamlandırır.
Trend xəbər verir ki, bu barədə Para ştatının qubernatoru Helder Barbalyu Ümumdünya İqtisadi Forumunun “COP30-a aparan yol” mövzusunda keçirilən sessiyasında çıxışı zamanı danışıb.
Barbalyu vurğulayıb ki, dünyanın ən böyük tropik meşəsi olan Amazon regionunda keçiriləcək COP30-da Braziliyanın mühüm rolu olacaq. O qeyd edib ki, qlobal iqlim müzakirələri üçün əsas yaradan COP29-un uğuru Braziliyanı ətraf mühitin mühafizəsi sahəsində liderliyə ilhamlandırır.
"Biz Braziliyanın başqalarına nümunə olması və bütün dünyada ətraf mühitin qorunması sahəsində lider rolunu oynaması üçün çalışırıq," – deyə Barbalyu qeyd edib.
O əlavə edib ki, Braziliyanın unikal ekoloji şərtləri, xüsusilə də Amazon bölgəsinin biomüxtəlifliyi , ölkəni iqlim gündəliyində lider edir.
Qubernator COP30-a alimlər, dövlət qurumları, özəl sektor təmsilçiləri və əsrlər boyu Amazoniyada yaşamış yerli xalqların qatılacağına və onun konstruktiv müzakirələr üçün mühüm bir platforma çevriləcəyinə əminlik ifadə edib.
"Ümid edirik ki, bu konfrans öz simvolikası ilə konstruktiv dialoq üçün əsas yaradacaq," – deyə o vurğulayıb.
Barbalyu həmçinin qeyd edib ki, COP30 bioiqtisadiyyat sahəsində və Paris Razılaşmasının karbon bazarını tənzimlənməsinə yönəlmiş 6-cı maddəsinin tətbiqi üzrə vacib miras qoya bilər.
"Ümid edirik ki, Belendə keçiriləcək COP30 meşələr üçün miras buraxmaq imkanı olacaq. Karbon bazarını tənzimləyərək, yeni qlobal məhsul istifadəsinə başlaya bilərik" – deyə o qeyd edib.