Bakı. Trend:
Tacikistanın MDB sədrliyi çərçivəsində MDB-yə Üzv Dövlətlərin Əsas İntermodal Nəqliyyat Dəhlizlərinin Rəqəmsallaşdırılması Strategiyası layihəsinin hazırlanması üzrə işlərə başlanılıb.
Trend xəbər verir ki, bunu bu gün Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon səfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinə həsr olunmuş brifinqdə bildirib.
“Layihənin hazırlanma prosesinə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının ekspertləri cəlb olunacaq”, -deyə səfir bildirib.
İ.Abdurahmon qeyd edib ki, nəqliyyat istiqamətində Yol İşçilərinin Hökumətlərarası Şurasının, Nəqliyyat Əlaqələndirmə Müşavirəsinin və Dəmir Yolu Nəqliyyatı Şurasının avtomobil və dəmir yollarının layihələndirilməsi, inşası, rekonstruksiyası və istismarı, eləcə də yol qurğuları şəbəkəsinin təkmilləşdirilməsi sahəsində fəaliyyətlərinə dəstəyi davam etdiriləcək.
“Beynəlxalq tranzit daşınmaların yolundakı əngəllərin aradan qaldırılmasının davam etdirilməsi və proqrnozlaşdırıla bilən şəffaf tarif siyasətinin yürüdülməsi istqamətində birgə səylərə dəstəyə xüsusi diqqət ayrılacaq”, -deyə diplomat əlavə edib.