Bakı. Trend:
Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikinti materialları və s. məhsulların istehsalı təşkil olunacaq:
"Sənaye zonaları 2024-cü ildə ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılmasında, yeni növ məhsulların istehsal edilməsində, ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayıb.
Belə ki, 2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb".
"Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır", - deyə o qeyd edib.