Bakı. Trend:
Aqrar Sığorta Fondu tərəfindən Ağsu və İsmayıllı rayonlarında müxtəlif hadisələr nəticəsində baş vermiş zərərlərə görə ödənişlər həyata keçirilib.
Bu barədə Trend Fonda istinadən xəbər verir.
Bildirilib ki, Ağsu rayonunun Kəndoba kəndində fermer Bəhruz Nəbiyevə arpa əkini sahəsinə dolu yağıntısı nəticəsində dəymiş zərərə görə 24 041 manat sığorta ödənişi edilib. Eyni zamanda rayonun Abasxanlı kəndində eyni səbəbdən buğda sahəsinə dəymiş zərərə görə fermer Rasim Məmmədov 2 297 manat sığorta ödənilib.
Məlumata görə, bundan başqa, İsmayıllı rayonunun Qubaxəlilli kəndində də arpa sahəsinin bir hissəsi quşların hücumu nəticəsində məhv olduğuna görə fermer Nurəddin Əsədova 3 163 manat sığorta ödənişi edilib.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Meyvə bağları, əkin sahələri, iri və xırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək lazımdır.
Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından almaq olar.