Bakı. Trend:
Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 min 150 orta sahibkarlıq subyekti fəaliyyət göstərir.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, orta sahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 563 ədəd və ya 15,7% artıb. Belə ki, 2024-cü ilin ilkin məlumatlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 3 min 587 ədəd olub.
Hesabat dövründə ən çox orta sahibkarlıq subyekti Bakı şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki orta sahibkarlıq subyektlərinin sayı 2 min 850 ədəd olub. Siyahının ikinci yerində Abşeron-Xızı iqtisadi rayonu (240 orta sahibkarlıq subyekti), üçüncü yerində isə Quba-Xaçmaz iqtisadi rayonu (111 orta sahibkarlıq subyekti) yer alıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 91, Dağlıq Şirvan iqtisadi rayonunda 49, Lənkəran-Astara iqtisadi rayonu 94, Qarabağ iqtisadi rayonunda 87, Qazax-Tovuz iqtisadi rayonunda 88, Gəncə-Daşkəsən iqtisadi rayonunda 110, Mərkəzi Aran iqtisadi rayonunda 109, Mil-Muğan iqtisadi rayonunda 74, Şəki-Zaqatala iqtisadi rayonunda 133, Şərqi Zəngəzur iqtisadi rayonunda 23, Şirvan-Salyan iqtisadi rayonunda 91 orta sahibkarlıq subyekti fəaliyyət göstərib.
Qeyd edək ki, orta sahibkarlıq subyektlərinin 68,7 faizi Bakıda, 5,8 faizi Abşeron-Xızı, 3,2 faizi Şəki-Zaqatala, 2,7 faizi Quba-Xaçmaz, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Orta sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (1 423), ən azı isə digər sahələrdə (47) fəaliyyət göstərir.