...

Azərbaycanın xaricdə “Yaşıl Kart” üzrə sığorta ödənişlərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 Fevral 2025 17:40 (UTC +04:00)
Azərbaycanın xaricdə “Yaşıl Kart” üzrə sığorta ödənişlərinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 50 min 207 müqavilə rəsmiləşdirilib, həmin müqavilələr üzrə 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb.

Trend bu barədə “İcbari Sığorta Bürosu”ndan (İSB) məlumat əldə edib.

Məlumata görə, bu müqavilələrin 40 038-i Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2,5 milyon manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 10 169 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilərək 4,7 milyon manat sığorta haqqı toplanıb.

2024-cü ildə Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr üzrə 1,2 milyon manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3,9 min manat olub.

Ötən il Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1,2 milyon manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8,3 min manat təşkil edib.

Ümumilikdə ötən il Yaşıl Kart Sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2,5 milyon manat sığorta ödənişi həyata keçirilib.

2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova, Macarıstan, Polşa respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görə ümumilikdə 96,7 min manat sığorta ödənişi edilib.

Xatırladaq ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən isə Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması həyata keçirilir.

Qeyd edək ki, Yaşıl Kart sistemi – beynəlxalq avtomobil sığortası sistemidir və sürücülərin xarici ölkələrdə yol-nəqliyyat hadisələri zamanı üçüncü şəxslərə vurduğu ziyanı əhatə edir. Bu sistemin əsas məqsədi sürücülərin sərhədlərarası hərəkətini asanlaşdırmaq və yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərin kompensasiya almasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti