Bakı. Trend:
Son illər iqlim dəyişikliyi kontekstində müşahidə etdiyimiz müxtəlif anomaliyalar və yaxud qeyri-ənənəvi yağış, dolu və s. təbiət hadisələri fonunda mövcud şərtlər aqrar sığorta sisteminin inkişafının genişlənməsini labüd edir.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Elşən Ağayev bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, kənd təsərrüfatı ölkədə ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, həmçinin əhalinin məşğulluğu aspektindən mühüm iqtisadi sahələrdəndir: "Bu sektor açıq hava sahəsində istehsalat sahəsidir və müxtəlif riskləri həmişə üzərində daşıyır. Xüsusən son illər iqlim dəyişikliyi kontekstində müşahidə etdiyimiz müxtəlif anomaliyalar və yaxud qeyri-ənənəvi yağış, dolu və s. təbiət hadisələri fonunda mövcud şərtlər aqrar sığorta sisteminin inkişafının genişlənməsini labüd edir. Bu istiqamətdə son 5 ildə, demək olar ki, çox uğurlu bir fəaliyyətlər icra olunmaqdadır. Bunun üçün hüquqi baza da formalaşdırılıb".
"Bu imkanların genişlənməsi fermerlərimizin müdafiə, risklər qarşısında özünü sığortalamasına şərait yaradır. Bu da onların dayanıqlı gəlir əldə etməsi üçün əsas rol oynamış olur. Bu istiqamətdə də həmçinin xərclərin 50%-nin dövlət tərəfindən qarşılanması önəm kəsb edir", - deyə E. Ağayev qeyd edib.