Bakı. Trend:
Bu gün bp poeziya dünyasının zirvələrindən biri olan, insanın hiss və duyğularının dərinliyini poeziya dilində bənzərsiz ifadə etmiş qüdrətli söz ustası Füzuli haqqında iki cildlik kitab təqdim edib. Kitab dahi şairin 530 illik yubileyinə bp-nin töhfəsidir.
Füzuli məhəbbət, mistika, insan ruhu və varlığı mövzularını elm, sənət, məntiq və poetik təxəyyül elementləri ilə təkrarsız şəkildə birləşdirmək bacarığı ilə misilsiz və ölməz ədəbi irs yaratmışdır. Bu irs müxtəlif dövrlərdə bir çox şairləri, yazıçıları, musiqiçiləri və rəssamları cəlb edərək onun haqqında ədəbiyyat, musiqi və incəsənətin müxtəlif sahələrində əsərlər yaratmağa ruhlandırmışdır.
Yeni təqdim olunan kitab Füzuliyə həsr olunmuş bütün şeirlər, poemalar, romanlar, pyeslər və hekayələrdən, eləcə də onun müxtəlif dövrlərdə fərqli rəssamlar tərəfindən yaradılmış çoxsaylı portretlərindən və əsərlərinə çəkilmiş illüstrasiyalardan ibarət geniş və hərtərəfli materiallar toplusudur.
Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib:
“Poeziya nəhəngi Füzuliyə aid əsərlərin hərtərəfli və əhatəli toplusu olan bu nəfis nəşri təqdim etməkdən çox məmnunuq. Füzulinin poeziyası emosional dərinliyi və ifadə gücü ilə nəsilləri heyran etmiş və onlara təsir göstərmişdir. Bu gün də onun şeirləri ruhumuza toxunaraq poetik ifadənin misilsiz gücü və qüdrəti, mistik metaforalar və simvollardan istifadə bacarığı ilə bizi heyrətləndirir. Füzulinin əsərləri təkcə mükəmməl ədəbiyyat nümunələri deyil, eyni zamanda insan ruhunun və onun fəlsəfi və emosional mürəkkəbliyinin dərinliklərinə nüfuz etmək gücünün təcəssümüdür.
Ölməz şairin yubiley tədbirlərinə bu kiçik töhfəni verməkdən həqiqətən qürur duyuruq və inanırıq ki, bu nəşr Füzulinin dünya poeziyasında müstəsna mövqeyini vurğulayan, onun parlaq poetik dühasını daha geniş tanıdan dəyərli bir mənbə olacaq. Ədəbiyyat və incəsənət var olduqca, Füzuli irsi daim ehtiramla oxunacaq və araşdırılacaq.”
1140 səhifəlik bu nəşrə Füzuli haqqında və ya ona həsr olunmuş 220-dən çox ədəbi əsər - 186 şeir, 7 poema, 13 pyes, 13 hekayə, 2 roman, eləcə də orta əsrlərdən bəri Füzuli əsərlərinə çəkilmiş miniatür illüstrasiyalar da daxil olmaqla, 100-ə yaxın milli və beynəlxalq rəssam tərəfindən yaradılmış 226 portret və rəsm əsəri daxil edilib.
Layihənin dəyəri təxminən 71000 AZN-dir (41700 ABŞ dolları) və əsasən məzmunun toplanması və çap xərclərini əhatə edir.
Layihənin icraçısı Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”dir.
Kitab Azərbaycanın aparıcı kitabxanalarına, müvafiq akademik və tədqiqat institutlarına, eləcə də universitetlərə bp-nin hədiyyəsidir.