Bakı.Trend:
Moskva İxrac Mərkəzi (MİM) və Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəliyi Moskva şirkətlərinin Azərbaycan bazarına çıxışına vasitəçilik edəcək.
Trend xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Moskvanın Azərbaycandakı müəssisələrinin biznes missiyası çərçivəsində bildirib.
“Biznes-missiya çərçivəsində bizim əsas vəzifəmiz, yeni müqavilələr və Moskva müəssisələri tərəfindən yüksək keyfiyyətli, müasir məhsulların Azərbaycana tədarükü üzrə razılaşmaların imzalanmasıdır. Rusiyanın Ticarət Nümayəndəliyi olaraq, biz bütün lazımı dəstəyi göstərməyə hazırıq”,- deyə o bildirib.
O Azərbaycanda Moskva şirkətlərinin biznes-missiyasının yaxşı bir ənənəyə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Moskva İxrac Mərkəzi proqramının qalibləri - paytaxtın daha fəal və müasir müəssisələri azərbaycanlı tərəfdaşları ilə şəxsi görüşlər üçün ölkəyə gəlirlər.
Qeyd edək ki, Moskva İxrac Mərkəzi 11-13 mart tarixlərində Bakıda biznes-missiya təşkil edib. Biznes-missiya çərçivəsində Moskva şirkətləri sənaye, avtomatlaşdırma və tibb sahəsində qabaqcıl həllər təqdim edəcəklər və öz məhsullarını və xidmətlərini nümayiş etdirəcəklər.
Biznes-missiya çərçivəsində Bakıdakı tədbirdə aşağıda göstərilən sahələri təmsil edən aparıcı Moskva müəssisələri iştirak edəcəklər.
- Sənaye avadanlıqları: Şirkətlər kabel və keçirici məhsullardan tutmuş analitik cihazqayırma və qeyri-dağıdıcı nəzarət həllərinə qədər geniş məhsul çeşidi təklif edəcəklər.
- Avtomatlaşdırma və texnologiya: İştirakçılar proseslərin idarə olunması üçün tənzimləyici və kəsici klapanlar da daxil olmaqla innovativ həllərini təqdim edəcəklər.
- Tibb və biotexnologiyalar: Moskva şirkətləri diaqnostika və müalicə üçün qabaqcıl texnologiyalar və innovativ tibbi məmulatlarını nümayiş etdirəcəklər.