Bakı. Trend:
Azərbaycandan “yaşıl” dəhliz vasitəsilə elektrik enerjisinin idxalı Macarıstan üçün elektrik enerjisinin qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.
Trend xəbər verir ki, bunu bu gün ADA Universitetində keçirilən "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" adlı tədbirdə MVM Group-un baş direktoru Karoli Matray deyib.
"Biz öz təcrübəmizi Azərbaycanla bölüşmək istərdik. Biz həm də ölkənin bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıyıq, çünki regionda çoxlu biznes imkanlarını görürük. Yaşıl dəhliz layihəsinə gəlincə, Macarıstan nöqteyi-nəzərindən bu, son dərəcə mühüm təşəbbüsdür"", - o bildirib.
Onun sözlərinə görə, Macarıstan Azərbaycandan elektrik enerjisini “yaşıl” enerji dəhlizi ilə idxal edə bilsə, qiymətlər indiki ilə müqayisədə xeyli aşağı düşə bilər. Hazırda istehsal gücü olmadığından elektrik enerjisinin qiyməti bəzi hallarda yüksək olaraq qalır.
Matray qeyd edib ki, Macarıstan kifayət qədər elektrik enerjisi istehsal etmir və idxaldan asılıdır.
"Yaşıl enerji dəhlizi layihəsi bizə ucuz Xəzər elektrik enerjisinə çıxışı təmin edəcək ki, bu da tədarükün şaxələndirilməsi üçün həm iqtisadi, həm də siyasi zəmin yaradacaq. Bu, onun Macarıstan üçün strateji əhəmiyyətinə malikdir", - o əlavə edib.