Bakı. Trend:
Macarıstan Batareya Assosiasiyası Azərbaycanla təcrübələrini bölüşməkdə maraqlıdır.
Bu sözləri Trend-ə açıqlamasında Macarıstan Batareya Assosiasiyasının icraçı direktoru Peter Kaderjak deyib.
O, Bakıda olmaqdan məmnunluğunu dilə gətirib və əməkdaşlıqda maraqlı olduqlarını bildirib: "Mən yaşıl elektrik saxlama həlləri ilə bağlı olan Macarıstan Batareya Assosiasiyasını təmsil edirəm. Öyrəndim ki, indi SOCAR-da yaşıl enerjinin təbliği üçün ayrıca şirkət də yaradılıb.
Ona görə də əlbəttə ki, Macarıstandakı təcrübəmizi bölüşməkdən və bu baxımdan layihələrdə əməkdaşlıq etməkdən çox məmnun olardım.
Hesab edirəm ki, Azərbaycan Avropa İttifaqı, Avropa vətəndaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün çox vacib tərəfdaşdır. Bildiyiniz kimi, Avropa ənənəvi enerji resurslarında kifayət qədər zəifdir, ona görə də ehtiyaclarını təmin etmək üçün neftinin 80%-ni və daha çox təbii qazı idxal edir".
"Azərbaycan son illərdə Avropanın əsas təbii qaz və neft tədarükçüsü olub. Ona görə də hesab edirəm ki, Avropa ilə Azərbaycan arasında əməkdaşlıq tarixi yaxınlığına qədəm qoyub. Mən çox şadam ki, indi biz gələcək enerji, yəni bərpa olunan enerji və yaşıl enerjiyə keçid sahəsində əməkdaşlığı müzakirə edirik", - Peter Kaderjak vurğulayıb.