Bakı. Trend:
Orta Dəhliz imkan verəcək ki, gələcəkdə qaz və benzinin yarısı Rusiyadan Avropaya idxal olunan enerjidən asılı olmasın.
Bu sözləri Trend-ə açıqlamasında İspaniya Panavropa İttifaqının baş katibi Karlos Uriarte Sançez deyib.
O, Azərbaycanın Avropa İttifaqının (Aİ) və ümumilikdə Avropanın enerji təchizatında mühüm rol oynadığını bildirib: "Azərbaycan ciddi enerji tədarükçüsüdür. Bu baxımdan, biz İspaniyada və digər Avropa ölkələrində Orta Dəhlizin enerji təhlükəsizliyimiz üçün çox vacib olduğunu düşünürük.
Bu dəhliz imkan verəcək ki, gələcəkdə qaz və benzinin yarısı Rusiyadan Avropaya idxal olunan enerjidən asılı olmasın".
"Azərbaycanın uzunmüddətli dövrü əhatə edəcək zəngin benzini, qazı vardır. Həmçinin, Azərbaycan həm də təmiz planetin qayğısına qalmaq üçün ən yaxşı standartlara nail olmaq üçün yaşıl keçidlə bağlı ciddi təşəbbüslər irəli sürür. Bu xüsusda COP29-dan sonra "yaşıl enerji", bərpa olunan enerji və "yaşıl keçid" ilə bütün böyük kompromisləri qeyd etmək olar.
Biz İspaniyada da "yaşıl enerji" istiqamətində çox intensiv şəkildə addımlar atırıq", - o qeyd edib.
Müsahib həmçinin, Qara dəniz sualtı kabelinin əhəmiyyətindən də danışıb. Onun sözlərinə görə, Azərbaycanın da önəmli rol aldığı Qara dəniz sualtı kabel layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq: "Rumıniya və Bolqarıstan vasitəsilə Azərbaycan qazı Avropanın qalan hissəsinə də nəql edilə bilər. Bu layihədən əsas gözləntimiz Avropanın enerji təhlükəsizliyini möhkəmləndirilməsidir. Bu baxımdan biz çox şadıq ki, Azərbaycan, eləcə də Türkiyə Avropa İttifaqı ilə çox yaxın işləyirlər".