Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 88,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 16,2 milyon ABŞ dolları və ya 22,4% çoxdur.
Hesabat dövründə Ukrayna ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1%-i həcmində olub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Ukraynaya 43,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,3 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Ukraynadan Azərbaycana 45,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,1 milyon ABŞ dolları və ya 12% azalma deməkdir.
Bundan əlavə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Ukraynaya 41,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.
Dövr ərzində Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 8,49%-ni təşkil edib.
Bununla da Ukrayna Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.