Bakı. Trend:
İranın Azərbaycan, Türkiyə, Pakistan və Türkmənistanla birgə azad ticarət zonaları yaratması üçün araşdırmalar aparılmaqdadır.
Trend-in məlumatına görə, bunu İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaları Ali Şurasının katibi Rza Məsrur 14 apreldə Tehranda Azad Ticarət Zonaları rəhbərləri və müavinlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Onun sözlərinə görə, İran hökuməti bu istiqamətdə və azad zonaların fəaliyyətinin artırılması istiqamətində bütün səylərini göstərməkdədir.
Məsrur əlavə edib ki, Türkiyə ilə birgə azad ticarət zonasının yaradılması diqqət mərkəzindədir. İran və Türkiyənin birgə işçi qrupu bu məsələdə aktiv olmalıdır.
“İranın azad ticarət zonalarında investisiya imkanları yenilənməlidir. Hər bir zonanın investisiya cəlb etmək üzrə müəyyən proqramı olmalı və hər bir zonanın potensiallarına əsasən investisiyalar cəlb edilməlidir. Eyni zamanda, investorların azad zonalarda mövcud olan problemləri aradan qaldırılmalıdır. İnvestorların razılığı böyük önəm kəsb edir və yeni investorlar marağa uyğun şəkildə yatırımlar etməyə üstünlük verirlər”, - deyə o qeyd edib.
Qeyd edək ki, İranda 18 azad ticarət zonası, 48 xüsusi iqtisadi zona fəaliyyət göstərir. Xüsusi iqtisadi zonaların sayının 79-a çatdırılması nəzərdə tutulur.