...

Sloveniyanın baş nazir müavini Azərbaycanla əməkdaşlıq üzrə İşçi Qrupun ilk iclasının təfərrüatları barədə danışıb (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 16 Aprel 2025 08:00 (UTC +04:00)
Sloveniyanın baş nazir müavini Azərbaycanla əməkdaşlıq üzrə İşçi Qrupun ilk iclasının təfərrüatları barədə danışıb (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupun Bakıda keçiriləcək ilk iclasının başlıca məqsədi biznes və investisiyalar üçün konkret imkanların müəyyənləşdirilməsi olacaq.

Bunu Trend-ə Sloveniyanın Baş nazirinin müavini, Xarici və Avropa işləri naziri Tanya Fayon Azərbaycana səfəri ərəfəsindəözəl müsahibəsində bildirib.

“Biz ölkələrimiz arasında olan dialoqun pozitiv və mütəmadi xarakter daşımasından razıyıq. 2026-cı ilin fevral ayında diplomatik münasibətlərin qurulmasının 30-cu il dönümü ərəfəsində Sloveniya ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsindən fəxarətlə söz açırıq. Bakı səfərimin əsas məqsədi - siyasi, iqtisadi və qarşılıqlı maraq doğuran çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırmaqla dövlətlərimiz arasında ikitərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsidir. Bizim ümumi hədəflərimizin həyata keçirilməsinin - xüsusilə də Azərbaycanla Sloveniyanın son illər ərzində mühüm irəliləyişə nail olduğu enerji sektorunda – təşviqi üçün platformanın yaradılmasına nail olmaq istəyirəm. Pozitiv iqtisadi tendensiyaların inkişafına, xüsusilə enerji sektorunda əməkdaşlığa xüsusi diqqət ayrılır”, - deyə o bildirib.

Fayon Azərbaycanın Sloveniyanın regiondakı vacib ticarət tərəfdaşı olmasını vurğulayıb.

“2024-cü ildə ölkələrimiz arasında ticarətin həcmi 57% artaraq 37,7 milyon avroya çatıb. Sloveniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığından daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik; heç şübhəsiz, Azərbaycan- Sloveniya biznes-forumu, həmçinin İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupun Bakıda aprelin 17-də keçiriləcək ilk iclası mühüm rol oynayacaq. Hər iki ölkə vacib əhəmiyyətli bazarlara və strateji mövqeyə malikdir ki, bu da öz növbəsində işgüzar aktivliyin genişləndirilməsi üçün yaxşı perspektivlər açır” – baş nazir müavini bildirib.

"Nailiyyətlərimiz çoxtərəfli arenada geniş tanınır: 2025-ci ilin əvvəlində Sloveniya Avropa Kosmik Agentliyinin (ESA) tamhüquqlu üzvü oldu və hazırda Avropa Nüvə Tədqiqatları Təşkilatına (CERN) tamdəyərli üzvü olmağa hazırlaşır. Ölkəmizdə, həmçinin UNESCO-nun Süni İntellekt üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (IRCAI) baş qərargahı yerləşir. Qabaqcıl yüksək texnoloji biliklərə və innovativ nailiyyətlərə malik olan Sloveniya, ixtisaslı işçi qüvvəsi, əla infrastruktur, regional bazarlara çıxış və yüksək həyat keyfiyyəti təklif edir. Sloveniya iqtisadiyyatı açıq, ixrac yönümlü və geniş sənaye bazasına malikdir - əczaçılıqdan tutmuş informasiya texnologiyaları və avtomobil istehsalatınadək. Mənim Bakı səfərim zamanı məni müxtəlif sahələrdə - informasiya-kommunikasiya texnologiyaları, pilotsuz gəmi istehsalı, dəniz daşımalarının avtomatlaşdırılması sistemləri, tikinti və metal konstruksiyaların istehsalı sahəsində fəaliyyət göstərən bir sıra Sloveniya şirkətlərinin nümayəndələri müşayiət edir",- deyə baş nazir müavini bildirib.

Fayon qeyd edib ki, Sloveniya dünyada “Dünyanın Yaşıl İstiqaməti” tituluna layiq görülən ilk ölkədir.

“Sloveniya və Azərbaycan ənənəvi olaraq əczaçılıq sahəsində sıx əməkdaşlıq edirlər; “Krka” və “Sandoz” kimi beynəlxalq jenerik dərman istehsalçıları artıq uzun illərdir Azərbaycanda fəaliyyət göstərirlər. Bundan əlavə, “Kontron” şirkəti informasiya texnologiyaları sahəsində çalışır. Kiçik su elektrik stansiyalarının tikintisi, günəş panelləri, idman infrastrukturu, elektrotexnika sənayesi və çay hövzələrinin idarə olunması və iqlim dayanıqlılığının artırılması üçün kosmik texnologiyaların tətbiqi kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur”, – deyə o bildirib.

Fayon qeyd edib ki, bugünkü qlobal şərait şirkətlərdən çevik olmağı və yeni bazarlarda biznes imkanları axtarmağı tələb edir.

“Ukraynada müharibə fonunda Azərbaycan Orta Dəhlizin inkişafı baxımından xüsusi əhəmiyyət qazanıb; bu dəhliz Asiya ilə Avropa arasında ən sürətli və birbaşa marşrut olmağa iddialıdır. SPIRIT Slovenia və AZPROMO-nun təşkil etdiyi Azərbaycan-Sloveniya biznes forumu rəsmi səfər çərçivəsində keçirilir və biznes əlaqələrinin genişləndirilməsi, birbaşa investisiyaların təşviqi və hər iki ölkə üçün yeni imkanların yaradılması baxımından əla platformadır. Bundan əlavə, İqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası əməkdaşlığın genişləndirilməsi üçün əsas yaradacaq”, – deyə o bildirib.

Sloveniyanın baş nazir müavini qeyd edib ki, Azərbaycanla enerji əməkdaşlığı sahəsində Anlaşma Memorandumunun imzalanması belə bir vacib sahədə tərəfdaşlığın möhkəmləndirilməsi yolunda atılmış həlledici bir addım olub.

“Bu sənəd energetika sahəsində istehsal, təchizat və innovasiya istiqamətində əməkdaşlığın genişlənməsi üçün yol açır ki, bu da təkcə ölkələrimiz üçün deyil, həm də regional və ümumavropa enerji təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacibdir. Sloveniya və Azərbaycan şirkətləri arasında əlaqələrin gücləndirilməsi sayəsində biz ticarət, investisiya və innovativ inkişaf üçün yeni imkanlar yaratmağa çalışırıq. Biznes forum bu səfər çərçivəsində əsas tədbir olacaq və gələcək iqtisadi əməkdaşlıq potensialını nümayiş etdirəcək. İqtisadi məqsədlərlə yanaşı, biz həm də regional sabitliyin gücləndirilməsi səylərinə sadiqik”, – deyə o vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqının üzvü və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Sloveniya sabitliyin və regional məsələlərin, o cümlədən Cənubi Qafqazda, tez bir zamanda həllinin tərəfdarıdır.

“Biz bütün tərəfləri sülh sazişinin imzalanmasına mümkün qədər tez keçməyə çağırırıq. Regionda sülh və sabitlik təkcə bizim ölkələr üçün deyil, həm də geniş regional və qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyır”, – Sloveniya baş naziri əlavə edib.

Fayonun sözlərinə görə, Sloveniya ilə Azərbaycanın iqtisadiyyatının çox oxşar cəhətləri var ki, bu da əməkdaşlığın gələcək inkişafının möhkəm təməlini qoyur.

“Ölkələrimiz su ehtiyatlarının sərhədlərarası idarə olunması sahəsində sıx əməkdaşlığa sadiqdir və hər iki ölkə Su Konvensiyasının tərəfdaşıdır. Sloveniya qarşıdakı üç il ərzində bu Konvensiyaya sədrlik edəcək. Həmçinin, hər iki ölkə Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) fəal üzvləridir. 2025-ci ildə Sloveniya IRENA Assambleyasına sədrlik edəcək və biz bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlığa ümid edirik. Sloveniyanın Avropa İttifaqının yüksək performanslı superkompüter və süni intellekt fabriki qurulması üzrə tenderini udduğuna nəzərə alsaq, rəqəmsallaşma sahəsi əməkdaşlıq üçün böyük potensial açır. Xarici və Avropa məsələləri üzrə nazirlikdə biz elm, texnologiya və innovasiyaları iqtisadi və mədəni diplomatiya ilə eyni səviyyədə önəmli hesab edirik. Əminik ki, elmi diplomatiya Sloveniya üçün strateji maraqları önə çəkmək baxımından mühüm alətdir. Məqsədimiz onu rəqabət qabiliyyətini artıran əsas vasitələrdən birinə çevirməkdir və bu da davamlı inkişaf və ümumi rifaha töhfə verəcək”, – deyə baş nazir müavini bildirib.

O əlavə edib ki, Sloveniya üçün “ağıllı ixtisaslaşma” müxtəlif sahələrdə Sloveniya şirkətləri ilə elmi-tədqiqat institutlarının fəaliyyətlərini birləşdirən bir platforma rolunu oynayır.

“Beynəlmiləşmə baxımından dairəvi iqtisadiyyat, "ağıllı fabriklər" və rəqəmsallaşma kimi istiqamətləri ehtiva edən Tədqiqat və İnnovasiya üzrə Strateji Tərəfdaşlıqlar (SRIP) daha böyük önəm kəsb edir. Bu sahələr ixtisaslaşmış qurumlar, təhsil müəssisələri və biznes arasında daha sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır. Sloveniya Avropa İttifaqında sənayeləşmə səviyyəsinə görə üçüncü yerdədir və dairəvi iqtisadiyyat, davamlı turizm, robototexnika, rəqəmsallaşma, kosmos sahəsi və yaradıcı sənayelərə ciddi investisiyalar yatırır. Mən şadam ki, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupun ilk iclası mənim səfərim çərçivəsində Bakıda keçiriləcək. Onun əsas məqsədi konkret biznes və investisiya imkanlarını müəyyənləşdirməkdir”, – deyə Fayon bildirib.

Baş nazir müavini qeyd edib ki, Sloveniya şirkətləri artıq Azərbaycanla enerji sektorunda əməkdaşlıq üçün olan perspektivləri müəyyənləşdirib - əsas diqqət günəş və külək elektrik stansiyaları, o cümlədən enerji səmərəliliyi texnologiyaları kimi bərpaolunan enerji mənbələrinə yönəlib.

“Tikinti və infrastruktur sahələri də perspektivlidir. Sənaye və istehsalatda müasirləşdirmə, avtomatlaşdırma və yüksək texnologiyalı avadanlıqların təchizatı sahəsində əməkdaşlıq potensialı mövcuddur. Kənd təsərrüfatı və qida sənayesində məhsuldarlığın artırılması və yerli aqrar məhsulların emalı üzrə texnoloji həllərin tətbiqi istiqamətində perspektivlər açılır. İnformasiya texnologiyaları və rəqəmsallaşma gələcək iqtisadi inkişaf üçün əsas sahələrdəndir və Sloveniya şirkətləri "ağıllı şəhərlər", kibertəhlükəsizlik və rəqəmsal xidmətlər üzrə qabaqcıl həllər təklif edirlər. “C-Astral”, “Kontron” və “Medex” şirkətləri informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji (fotovoltaika və hidroenergetika daxil olmaqla), eləcə də innovativ qida əlavələri kimi sahələrdə yeni imkanların öyrənilməsində maraqlıdır”, – baş nazir müavini bildirib.

O, Sloveniyanın eyni zamanda su texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığın artırılmasını nəzərdən keçirdiyini vurğulayıb.

“Sloveniya Azərbaycandan olan şirkətləri 2025-ci ildə keçiriləcək Beynəlxalq Avropa Su Mükafatına ərizə ilə müraciət etməyə dəvət edir. Mükafatlandırma mərasimi iyunun 4-5-də Bled şəhərində keçiriləcək Su Forumu çərçivəsində Sloveniya Prezidenti Nataşa Pirts-Musarın himayəsi altında baş tutacaq. Bizim bu sahədəki əməkdaşlığımız daha da möhkəmlənəcək. Bu səfər çərçivəsində məqsədimiz Azərbaycanla uzunmüddətli tərəfdaşlığımızı dərinləşdirmək, hər iki ölkənin siyasi, iqtisadi və diplomatik sahələrdə uğurla inkişaf etməsini təmin etməkdir. Biz birgə sülh, sabitlik və rifah dolu gələcək üçün çalışaraq regional və qlobal əməkdaşlığın geniş məqsədlərinə töhfə verəcəyik”, - deyə Fayon vurğulayıb.

O, ötən il Sloveniyanın qaz tədarükçüsü olan “Geoplin” şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) işgüzar əlaqələr qurduğunu və bu əməkdaşlığın artıq öz bəhrəsini verdiyini - qısamüddətli tədarüklər haqda müqavilələrin imzalandığını diqqətə çatdırıb.

“Mən enerji sahəsində əməkdaşlıq üzrə ölkələrimiz arasında imzalanmış Anlaşma Memorandumunu da alqışlayıram və “Geoplin” ilə SOCAR arasında orta və ya uzunmüddətli tədarük müqaviləsi imzalanması üzrə danışıqların davam etdirilməsini tam dəstəkləyirəm. Bu, sözsüz ki, Sloveniya tərəfi üçün böyük maraq doğurur”, – deyə Fayon yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti