Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsaitin 682,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 468,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 103,2 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poşt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radiomonitorinq sisteminin qurulması üçün 45,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi üçün 40,0 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 19 milyon manat və Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 7,1 milyon manat), 109,7 milyon manatı səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.
Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 8,115 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.