Bakı. Trend:
Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında isə Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Müqaviləyə görə, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək.
Bu çərçivədə mərhələli əsasda minimum 2 QVt gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.
Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.