Bakı. Trend:
Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Memorandum çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək.
Layihənin inkişafı məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq, həmçinin kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması, dəniz ərazilərinin ayrılması və digər zəruri proseslərdə Energetika Nazirliyi tərəfindən dəstək göstəriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.
Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.