Bakı. Trend:
Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur.
Araşdırmaların nəticələrinə əsasən, texniki və iqtisadi baxımdan səmərəli həllərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması planlaşdırılır. Birinci mərhələdə bərpa olunan enerji mənbələri üzrə tələbatın qiymətləndirilməsi, növbəti mərhələdə isə müəyyən edilmiş güclərin ötürücü şəbəkəyə inteqrasiyasının tədqiqi həyata keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.
Bildirilib ki, bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.