Bakı. Trend:
Zəyəmçay, Ağsuçay və Türyançay su anbarlarının tikintisinin, eləcə də Əlicançay, Yengicə və Viləşçay su anbarlarından qidalanan suvarma şəbəkələrinin tikintisinin və Qarabağ, Baş Muğan, Sabir, Akuşa, Xanqızı və Rəsularx kanallarının və Mil-Qarabağ kollektorunun yenidən qurulması ilə bağlı hazırda layihə-smeta sənədlərinin hazırlanması işləri davam etdirilir.
Trend xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində bu gün keçirilən “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, bununla yanaşı hazırda ümumi həcmi 560 milyon kubmetr olan Sərsəng su anbarının, eləcə də Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Ağdərə və Kəlbəcər rayonlarının su təsərrüfatı obyeklərinin kompleks yenidən qurulması və Həkəriçay (100 mlm. m³) və Bərgüşadçay (70 mlm. m³) su anbarlarının tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır.