Bakı. Trend:
“Azərkosmos” yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşır.
Trend xəbər verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) zamanı deyib.
"Bu yeni nəsil peyk sistemləri yüksək dəqiqliklə Yerin müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətləri və regional əlaqə sahəsində qabaqcıl imkanlara malik olacaq. Biz həmçinin yeni beynəlxalq missiyaların, o cümlədən Türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarımızla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiririk", - o bildirib.
Bədirxanov vurğulayıb ki, təkcə kosmosda mühüm irəliləyiş əldə etmək mümkün deyil.
"Uğurumuz ümumi baxışdan və birgə səylərdən asılıdır. STC 2025 məhz bunu simvollaşdırır – dialoqun fəaliyyətə çevrildiyi, tərəfdaşlıqların formalaşdığı və kosmik sənayenin gələcəyinin birgə yaradıldığı platformadır", - o qeyd edib.