Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) Milli Depozit Mərkəzi ilə birgə “açıq mikrofon” formatında bir sıra səhmdar cəmiyyətlərin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində mühüm məlumatlar təqdim olunub. Bu istiqamətdə səhmdar cəmiyyətlərinin nümayəndələrinin ünvanlandığı suallar cavablandırılıb.
Xatırladaq ki, daha öncə Mərkəzi Bank tərəfindən bir sıra rayonlarda səhmdar cəmiyyətlərinin nümayəndələri ilə məlumatlılığın artırılmasını hədəfləyən görüşlər də keçirilib.
Qeyd olunub ki, investorların hüquqlarının qorunması məqsədilə həyata keçirilən bu təşəbbüslər davam etdiriləcək.